Beynəlxalq müsabiqələr nəfis içki biliciləri üçün bələdçilərdir desək, yanılmarıq. Çünki məhz burada, ciddi ekspertiza və nəzarət şəraitində məhsulun əsil keyfiyyəti qiymətləndirilir, onun xarakterinə və ruhuna layiq olduğu dəyər verilir. Çox güman ki, öz içkilərini peşəkarların mühakiməsinə təqdim etməyə cəsarət etmiş şəxs heç də yalnız və əsasən mükafatlandırılmağa deyil, həm də yaradıcı vüsətdə istehsal etdiyi məhsulunun dünya standartlarına uyğun olub-olmadığını anlamağa can atır.
Bax elə bizim üçün də spirtli içkilərin beynəlxalq müsabiqələrində iştirak etmək daim məhsullarımızın beynəlxalq keyfiyyət meyarına çatıb-çatmadığını öyrənməklə bağlı səmimi istəyimizdən irəli gəlir. Biz “Əsas olanı iştirakdır, qələbə deyil” şüarı ruhunda hərəkət edirik desək də, əslində bu heç də belə deyil. Çünki bizim üçün yerinə yetirdiyimiz işin nə dərəcədə yaxşı olduğunu öyrənmək imkanı istənilən mükafatdan daha vacibdir. Biz medal qazanmaq xatirinə çalışmırıq – biz ustalığın yeni zirvələrinə can atırıq!
London Spirits Competition müsabiqəsi öz inanılmaz dərəcədə tələbkar yanaşması ilə məşhurdur. Burada təqdim olunan hər bir distillat həm dadı və ətiri, həm də xammalın keyfiyyətini, istehsalın təmizliyini və orijinallığını nəzərə alan çox mərhələli yoxlamadan keçir. Bu müsabiqədə verilən yüksək qiymətlər – nadir hadisədir. Digər tərəfdən, onlar məhz həqiqi məharətin təsdiqi kimi verilir.
2025-ci ilin mart ayının 24-25-də Londonda dünyanın hər yerindən ən yaxşı distillə ustalarının toplantısı keçirilirdi. Biz də öz nümunələrimizi, əslində, sırf yarış marağı naminə – özümüzü sınamaq, öz səviyyəmizi anlamaq üçün – göndərdik. Necə deyərlər, “adamlara baxmaq və özümüzü göstərmək” üçün.
Bundan sonra baş verənlər bizim üçün əsil sürpriz oldu! Biz Sezarın özündə belə qibtə oyada biləcək bir şeyə nail olduq: “gəldik, gördük, heyran etdik”! Elə özümüz də fərəhlə təəccübləndik.
Bizim “Tut Arağı”, yəni yumşaq xarakteri və incə meyvə notlarına malik tut arağımız, öz harmoniyası ilə ekspertləri fəth edərək, qızıl medal qazandı. Tər armud və alma ətirli “Armud Arağı” – münsiflər heyətinin heç bir üzvünü laqeyd qoymayaraq, gümüş medala layiq görüldü. Təkrarolunmaz heyva profilinə malik özünəməxsus “Heyva Arağı” və bizim nəfis Grappolomuz isə bürünc medallara layiq görüldülər.
Təkrar edirik – biz qələbəni hədəf seçməmişdik. Lakin ekspertlərin verdiyi yüksək qiymət onu göstərir ki, bizim distillatlarımız mükəmməl keyfiyyət və təmizlik əldə etmişlər və ən yaxşı beynəlxalq növlərə bərabərdirlər, bax bu isə, bəli, bu bizim üçün istənilən mükafatdan daha vacibdir!
Savalan distillatlarının fərqləndirici xüsusiyyəti – onların dad balansı, parlaq ətiri və orijinallığıdır. Onların hər bir şüşəsinin arxasında xammalın ciddi-cəhdlə seçilməsi, ehtiyatlı distillə edilmə və müasir texnologiyalarla zənginləşdirilmiş ənənələrə ehtiramla yanaşma durur. Söhbət keyfiyyətdən gedəndə biz güzəştə getmirik. Məhz buna görə də biz gəlirik, görürük və – qələbə çalırıq!
Bizim distillatlarımızın belə bir nüfuzlu beynəlxalq səviyyədə tanınması seçdiyimiz yolun düzgünlüyünü sübut edir. Savalan, daim öz məhsullarının hər damlasında kamilliyi hədəfləyərək, şərabçılığın ulu ənənələrini müasir ustalıqla uzlaşdırmaqda davam edir.
Biz Azərbaycanı dünya səhnəsində layiqincə təmsil edə bildiyimizlə və içkilərimizin haqlı olaraq dünyanın ən yaxşıları sırasında durduğunu hamıya nümayiş etdirdiyimiz üçün qürur duyuruq.
Armud, heyva və ya tut arağını qrafinə və ya qədəhlərə süzərkən, ya da qrappolonun ilk qurtumunu içərkən anlayırsan ki, sən Azərbaycandasan, lakin, eyni zamanda, özünü gözlənilməz qələbələr və fərəhli kəşflərlə dolu əsrarəngiz dünyanın bir hissəsi kimi hiss edirsən. Bu isə, dostlar, gözəldir!
Hörmətlə,
Fuad Seyidəliyev və Arif Rəhimov
“SAVALAN-ASPI Winery”nin təsisçiləri