2013-cü ilin məhsulundan hazırlanmış Savalan Limited Release Dry şərabı Decanter World Wine Award (DWWA) müsabiqəsində 86 bal toplayaraq “yaxşı və vicdanla hazırlanmış, valehedici dada malik şərab” kimi ikinci dəfə bürünc medala layiq görülmüşdür.

Decanter World Wine Award (DWWA) 2004-ci ildən etibarən Londonda hər il keçirilən dünyanın ən böyük və ən nüfuzlu şərab müsabiqəsidir.
Bu il müxtəlif ölkələrdən 65-i Şərab Mütəxəssisi (Masters of Wine) və 20-si isə Peşəkar Somelye (Master Sommeliers) olmaqla ümumilikdə 219 ekspert müsabiqənin tarixində rekord sayda şərab dadmışlar – 17200-dən çox şərab nümunəsi (2016-cı ildən 8% daha çox). Hakimlər öz fəaliyyətlərini regional və ya üslub prinsipi ilə tərtib olunan bölmələrdə həyata keçirirdilər. Şərabın istehsalçısı və markası onlara məlum deyildi. Hər bir hakim tərəfindən verilmiş qiymət müzakirə olunur və sonda razılaşdırılmış qiymət çıxarılırdı. Şərablar 100 ballıq sistemlə qiymətləndirilirdi.

Müsabiqənin standartları çox yüksək olduğu üçün ancaq istehlakçıların maksimum əmin ola biləcəyi şərablar mükafat alır. Beləliklə, DWWA nəticələri şərab alıcılarının, HoReCa sənayesinin peşəkarlarının və bütün dünya üzrə şərab kolleksiyaçıların seçiminə mühüm təsir göstərir.