Artıq 9-cu dəfə baş tutan Simpoziumda əsərləri dünyanın bir çox ölkələrinin muzey və qalereyalarında sərgilənən, eləcə də şəxsi kolleksiyaları bəzəyən Azərbaycanın Xalq və Əməkdar rəssamları Elyar Əlimirzoyev, Müseyib Əmirov, Yelena Haqverdiyeva, Vüqar Muradov, rəssamlar Elnur Babayev, İlqar Tahiri, Aydın Əsgərov, eləcə də gənc, lakin rəngkarlıq sənətində öz dəsti-xəttilə seçilən Bəhruz Kəngərli, Reyhan Aslanova, Cavid İlham iştirak edirdilər. Builki tədbirə Rusiyada yaşayan tanınmış Azərbaycan rəssamı Bayram Salamov, həmçinin də Türkiyənin “Çanaqqala 18 Mart” Universitetinin Gözəl sənətlər bölümünün müəllimi, həmyerlimiz Vahid Novruzov da qatılmışdılar.
Simpozium ərzində rəssamlar Qəbələnin tarixi yerlərilə tanış olmuş, təbiətin füsunkar gözəlliyi və regionun zəngin tarixindən ilhamlanmışlar. Təbii ki, “SAVALAN – ASPI Winery” şərabçılıq müəssisəsini ziyarət etmiş və şərab dünyası ilə bağlı maraqlı faktlarla qarşılaşmışlar.
Qafqaz Albaniyasının qədim abidələri və bu regionun cazibədar təbiətinə heyran qalan rəssamlar böyük ilhamla təsuratlarını rəsm tablolarına köçürmüşlər. Onların fırçasından çıxan cizgilər mədəniyyətin, təbiətin və zamanın vəhdətini əks etdirmişdir. Nəticədə isə Azərbaycanın ruhu və gözəlliyini tərənnüm edən 30 unikal əsər yaranmışdır.
Bu simpoziumun məqsədi yalnız fırça ustalarını bir araya gətirmək deyil, həm də regionun zəngin irsini və təbii gözəlliyini tanıtmaq idi. İncəsənət və şərabın vəhdəti nəticədə mədəniyyət və təbiət arasındakı harmoniyanın simvoluna çevrildi, Azərbaycanın turizm potensialının diqqətini cəlb etdi və iki qədim sənət – rəssamlıqla şərabçılıq arasındakı birliyi təşviq etdi.
Simpoziumun sonunda hər iştirakçıya sertifikat və diplomlar təqdim olundu ki, bu da gözəl xatirələrin bir hissəsi kimi qiymətləndirildi.