logo-savalan

SAVALAN üslubunda Şərq görüşləri

Bəzən elə gəlir ki, Asiya mətbəxində qədim əlkimyadan bir şeylər var: bu, inqrediyentləri dad simfoniyalarına çevirmək bacarığındadır, burada şirinlik kəskinliklə rəqs edir, laym suyunun turşuluğu isə çili bibərinin yanğısı ilə vals gedir. Əgər kimsə bu yeməklərə uyğun “şərab açarlarının axtarışında olsaydı, bax, budur – bu açarlar tapılıb! Bunlar Şərq mətbəxinin qıfıllarına mükəmməl uyğun gələn ətirli yarıquru şərablardır.

SAVALAN şirkətinin təklif etdiyi möhtəşəm şərab buketində Şərq mətbəxinə daha yaxşı uyğun gələn iki “açar” – iki şərab var: SAVALAN Traminer və SAVALAN Moscato.

Traminer və muskat şərablarından danışarkən onların gizli silahının balansda bərqərar olduğunu vurğulamaq lazımdır: bu şərablarda turşuluq və şirinlik arasında gözəl bir tarazlıq var. Onların ağ çiçəklər, tropik meyvələr və ədviyyatlardan alınan parlaq, zəngin ətri Şərq yeməklərinin canlı dadını möhtəşəm şəkildə tamamlayır. Bir növ qarşılıqlı faydalı əməkdaşlıq, deyəsən…

Qeyd etmək lazımdır ki, bu halda quru, yüngül şərablardan istifadə etmək məqsədəuyğun deyil, çünki sousun və ya yeməyin özünün parlaq dadı şərabın dadını mütləq üstələyəcək.

Tay mətbəxi belə təcrübələr üçün demək olar ki, ideal sınaq meydançasıdır. Məsələn, karidesli qırmızı karı götürək: burada SAVALAN Traminer kokos südü ilə qalanqal, karidesin şirinliyi ilə çili bibərinin odlu dadı arasında mahir bir vasitəçi kimi çıxış edir. Onun çiçəkli notları limon otu (sitronella) ilə səsləşir, qalıq şəkər isə kəskinliyi yumşaldaraq təamın bütün mürəkkəbliyinin açılmasına imkan verir. Traminerin daha iki müttəfiqi toyuqlu sarı karı və ya göbələkli tom kha şorbasıdır; belə birləşmədə şərab kokos südünün kremli teksturasını vurğulayır.

Ancaq bütün “Asiya yolları” uğura aparmır. Məsələn, Çin mətbəxi seçicilik tələb edir. Sıçuan mətbəxinin dil uyuşduran bibərli ma-la yeməyi hətta davamlı muskat şərabı üçün belə çox aqressiv ola bilər. Lakin Kanton məktəbinin yeməkləri, məsələn, hoy sin souslu Pekin ördəyi və ya turş-şirin souslu donuz əti yarıquru şərablarda özlərinə tamamilə anlayışlı tərəfdaşlar tapır. Burada “çəki qarşı çəki” prinsipi işləyir: zəngin, yağlı yeməklər dolğun şərablar tələb edir.

Vyetnam mətbəxi, daha incə təzahürləri ilə, SAVALAN Moscato və SAVALAN Traminer ilə xüsusilə zərif şəkildə açılır. Hye şəhərindən olan limon otu və karides pastası ilə bəzədilmiş bun-bo-hye (düyülü və ya əriştəli və mal ətli şorba) SAVALAN Traminer ilə bir  yudumda ətirli meditasiyaya çevrilir; burada ədviyyatlar və şərab bir-biri ilə rəqabət etmir, əksinə, bir-birini tamamlayır.

Koreya mətbəxindəki qrildə bişirilən yeməklər – bulqoqi və ya kalbi – muskat şərabına xüsusilə dostcasına yanaşır: onun təravəti ətin hisə verilmiş notları ilə ziddiyyət təşkil edir, şərabın şirinliyi isə soya marinadlarını balanslaşdırır. Ancaq kimçi və digər fermentləşdirilmiş yeməklərlə ehtiyatlı olmaq lazımdır, çünki onların aqressiv turşuluğu içkinin zərif ətrini üstələyə bilər.

Hind mətbəxinə gəldikdə isə, bu zaman Asiya mətbəxləri arasında ən mürəkkəb vəziyyətlə qarşılaşırıq. Tikka masala və ya yumşaq tərəvəzli korma ilə SAVALAN Traminer sehrli birləşmələr yaradacaq, lakin Qoanın “vindalu” karrisi və ya fal kimi yeməklərə gəldikdə, bu yeməklər hər şəraba tabe olmurlar. Burada dəqiq kalibrləşmə tələb olunur, çünki ədviyyatlar nə qədər intensivdirlərsə, yeməyə təqdim olunan şərabda qalıq şəkər də bir o qədər çox olmalıdır.

Şərq-şərab diplomatiyasının əsas qaydası belədir: hər şeyi və hamını bir anda ram etməyə çalışmayın. Yarıquru ətirli şərablar mülayim dərəcədə ədviyyatlı, turş-şirin və kremli Asiya yeməklərinə mükəmməl uyğun gəlir, lakin ən kəskin çağırışlarla qarşılaşdıqda, öz sərhədlərini qəbul edirlər. Bu, əlbəttə ki, çatışmazlıq deyil – bu, sadəcə olaraq, kulinariya partiturunda öz yerini bilməyin müdrikliyidir.

Beləliklə, bizim kiçik bələdçimizlə və, ən əsası, SAVALAN Traminer və SAVALAN Moscato şərablarmızla silahlanaraq, uyğun Şərq yeməkləri ilə tanışlığa cəsarətlə başlayın – və ya artıq başlayan ehtiraslı romantikanızı davam etdirin. Cəsarətli olun!

R. Kiplinq inanırdı ki, Şərq və Qərb heç vaxt görüşməyəcək… Bu fikir dəfələrlə təkzib olunub, baxmayaraq ki, bu görüş heç də həmişə uğurlu alınmayıb.

Yaxşı, olsun! Bizim halda, deyəsən böyük yazıçı, ingilis təmkinliliyi üslubunda söyləsək, tamamilə haqlı deyildi. Amma Şərq həvəsi ilə əlavə edək: onlar görüşürlər, görüşə bilərlər və, hətta dad və ətirlərin rəqsində birləşərək, necə də gözəl görüşürlər!

Hörmətlə,

Fuad Seyidəliyev və Arif Rəhimov

“SAVALAN-ASPI Winery”nin təsisçiləri

SAVALAN üslubunda Şərq görüşləri

Date:
01/08/2025

We use cookies and other tracking technologies to operate the website, measure and analyze the site’s audience, present you with personalized advertising outside the site, and enable certain social networks to function. Read more

ÜZR İSTƏYİRİK

Siz bu sayta daxil olmaq üçün yaşınız qanunla tələb ediləndən azdır.